Gəncədə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatı və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın vitse-konsulu Şota Dolidze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, hüquq-mühafizə orqanlarının, o cümlədən şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi ziyarət olunub. Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək, Ümummilli Liderin xatirəsinə dərin ehtiram ifadə ediblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, bu gün milliyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir şəxs azərbaycançılıq ideologiyası ətrafında birləşib. Azərbaycançılığın milli məfkurəyə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhər rəhbəri onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası hazırda Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri milli birliyimizin və həmrəyliyimizin ən yüksək zirvəsidir. Fəxrlə deyə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir!”- deyə Niyazi Bayramov qeyd edib və konfransın gedişatına uğurlar arzulayıb.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin əsasıdır. Xalqımız dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla yad edir. Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ölkəmizdə və onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxışında Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edib. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ulu Öndər Heydər Əliyevin vaxtilə ağır vəziyyətdən çıxardığı ölkəmiz bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Tam suveren, güclü iqtisadiyyatı ilə dünya dövlətləri içində öz sözünü deməyə qadir, qalib Azərbaycanın yüksəlişinin əsası Ulu Öndərin uzaqgörən siyasəti ilə qoyulub.
Konfransda GDU-nun müəllimi Eldar Allahverdiyev və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nurdəddin Babazadə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Sonda Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələrinin ifasında “Sən, elə bir zirvəsən!” mahnısı ifa olunub.
Tədbirdən sonra Gəncə Ekoloji Park Kompleksinin ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Gəncə şəhər Nizami və Kəpəz Bələdiyyələrinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı 101 ədəd “Xan çinarı” əkilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti