Gəncənin elmi ictimaiyyətinə ağır itki üz verib

DSC_1071

Gəncənin elmi ictimaiyyətinə ağır itki üz verib.

Gəncə Dövlət Universitetinin alimi, filologiya üzrə fəlsəfə doktoru, “Fəxri professor” Nəzakət Usub qızı Əliyeva 2017-ci il iyulun 7-də ömrünün 71-ci ilində vəfat edib.

Nəzakət Əliyeva 1946-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 1964-cü ildə Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitunun Tarix-Filologiya fakültəsinə daxil olan Nəzakət Əliyeva 1968-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

Elə həmin ildə Elmi Şuranın qərarı ilə Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsinə təyin olunan Nəzakət Əliyeva ömrünün sonuna qədər müxtəlif vəzifələrdə olmaqla həmin ali-təhsil müəssisəsində işləyib.

O, 1980-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunda görkəmli ədib Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə “Nigar Rəfibəylinin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi, bir il sonra isə dosent elmi adını alıb.

Nəzakət Əliyeva 1980-1982-ci illərdə Tarix-Filologiya fakültəsində dekan əvəzi, 2001-2011-ci illərdə dekan vəzifəsini icra edib. Alim 2011-2016-cı illərdə universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasına rəhbərlik edib.

Ömrünü filogiya elminə həsr etmiş Nəzakət Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrlik pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları Şərq poeziyasının ənələrini davam etdirən böyük şair və maarifçi Mirzə Şəfi Vazehin və milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin bədii irsinin araşdırılmasına, eləcə də Azərbaycan poeziyasının digər görkəmli nümayəndələrinin həyat və yardıcılıqlarının tədqiqinə sərf olunub.

Bu illər ərzində alimin 2 monoqrafiyası, 30-dan çox elmi əsəri çapdan çıxıb. Mətbutada ictimai həyatın ayrı-ayrı sahələrinə həsr edilən müxtəlif məzmunlu yazıları dərc olunub.

Gəncə Dövlət Universitetinin tanınmış filoloq alimi Nəzakət Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti universitet rəhbərliyi və kollektiv tərəfindən həmişə yüksək qiymətləndirilib.  O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib. Alimə 2015-ci ildə Gəncə Dövlət Universiteti Elmi şurasının qərarı ilə “Fəxri professor” adı verilib.

Universitet rəhbərliyi və kollektiv alim Nəzakət Əliyevanın vəfatı ilə əlaqədar kədərlənir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Tanınmış pedaqoq və alim Nəzakət Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!