Gənclər Gəncə çayı və onun sahilini məişət tullantılarından təmizləyiblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 4-də Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun ərazisində təmizlik aksiyası keçirilib.
Aksiyada QHT və ictimai birliklərin üzvləri, fəal gənclər və ictimaiyyət nümayəndələri, ali və orta ixtisas təhsili müəssisələrinin, həmçinin Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi iştirak edib.
Aksiyanın keçirilməsində məqsəd Gəncə çayının sahilində yerləşən, şəhərin qədim arxeoloji qazıntı ərazisinin çirkləndirilməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, atılan məişət tullantılarının ətraf mühitə, Gəncə çayına və nəticə etibarilə Kür çayının faunasına vurduğu ziyanla bağlı ictimaiyyətin maarifləndirilməsi olub.
Sanitar normalara uyğun müxtəlif ləvazimat və xüsusi geyimlə təchiz olunan gənclər Gəncə çayı və onun sahilini məişət tullantılarından təmizləyiblər. Torbalara yığılan tullantılar bir yerə toplandıqdan sonra xüsusi nəqliyyat vasitəsilə Gəncə Tullantılar Poliqonuna təhvil verilib. Aksiya zamanı yerli sakinlər, o cümlədən gənclər çayın tullantılarla çirkləndirilməsinin ərazinin landşaftının məhvinə, eləcə də ekosistemdəki tarazlığın pozulmasına təsirləri barədə məlumatlandırılıblar.