Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib

     Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.

      Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov Menecment və turizm işinin təşkili kafedrasının əməkdaşı Əlizamin  Əmirovun ,,Sahə iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş müvafiq diplomu təqdim edərək, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

     Daha sonra rektor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

     Elmi Şurada birinci məsələ –2023/2024-cü tədris ilinin payız imtahan sessiyasının gedişi haqqında universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun məruzəsi dinlənilib. Qeyd edilib ki, hazırda imtahanlar qabiliyyət formasında və kompüterdə test üsulu ilə davam edir. Mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Sessiya müddətində imtahanın gedişinə operativ nəzarət təşkil olunub və  KİV nümayəndələri, tələbə valideynləri və şəhər ziyalılarının iştirakı ilə auditoriyalarda imtahanlara ictimai baxış keçirilib.

    İclasda universitetin professor-müəllim heyətinin 2023-cü ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri və 2024-cü ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərinə dair Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə çıxış edib. Diqqətə çatdırılıb ki, 2023-cü il üçün universitet əməkdaşlarının yerli və beynəlxalq nüfuzlu jurnallarda çap olunmuş məqalələrinin sayında artım müşahidə edilib, elmi tədqiqatlarda seçilən mövzular əvvəlki illlərə nisbətən daha məqsədəuyğun və aktual olub.

      Elmi Şurada Akkreditasiya Komissiyasının tövsiyələri ilə əlaqədar hazırlamış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatına dair İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov geniş məruzə ilə çıxış edib, universitetdə yaxın zamanlarda istifadəyə veriləcək  STEAM laboratoriyası və mərkəzləşdirilmiş təhsil idarəetmə sistemi –“EduMan” proqram təminatı sistemi haqqında ətraflı danışıb.  

      İclasda gizli səsvermənin nəticələri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitunun direktoru, akademik Vaqif Abbasova GDU-nun “Fəxri doktoru” adının verilməsi ilə bağlı qərar qəbul olunub.

     Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

    İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti