Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

      İclas öz işinə başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunması münasibətilə Elmi Şura üzvləri tərəfindən təbrik edilib. Rektor Yusif Yusibov ali təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Bundan sonrakı fəaliyyətində də, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətimizin və xalqımızın gələcəyi naminə Müzəffər Ali Baş Komandanın etimadını doğrultmağa çalışacağını vurğulayıb.

    Daha sonra rektor Elm və Təhsil nazirinin əmri ilə universitetin ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilən Samir Məmmədovu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

      İclasda uzunmüddətli səmərəli fəaliyyətinə görə və yubileyləri münasibəti ilə Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimovaya, Təsviri incəsənət kafedrasının müdiri Mərdan Məmmədova, Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Tofiq Əliyevə universitet rektorunun imzaladığı Fəxri Fərmanlar təqdim olunub.

     İclasda Ümumi riyaziyyat kafedrasının müəllimi Rza Ələsgərova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi münasibətilə təbrik edilib,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş müvafiq diplom təqdim olunaraq, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulanıb.

        Rektor Yusif Yusibov ağırlıqqaldırma üzrə dünya çempionu olmuş Pedaqoji fakültənin tələbəsi Orxan Mahmudovu və  ali təhsil müəssisələri tələbələri arasında keçirilən Respublika Çempionatında Stolüstü tennis idman növü üzrə III yer tutan qızlardan ibarət komandanı təbrik edib, Universitetin İdman Klubunun fəaliyyətini yüksək qiymətləndirib.  

      Əldə olunan nailiyyətlərə görə klubun məşqçiləri və idmançı tələbələr rektorun əmri ilə Fəxri Fərman və mükafat ilə təltif olunub.

     Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. 

      Elmi Şurada birinci məsələ – Doktorantura və disser­tan­turada mövcud vəziyyət. Elmi kadrların hazırlığının daha da yaxşılaşdırılması haqqında universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadənin, ikinci məsələ – Universitetin fəaliyyəti ilə bağlı orta məktəblərdə aparılan təbliğat işləri haqqında məlumata dair Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin məruzəsi dinlənilib.     

     Riyaziyyat və informatika fakültəsinin dekanının və Azərbaycan dili kafedrasının müdirinin 5 illik fəaliyyətinə dair hesabatı, həmçinin komissiya sədrlərinin arayışları dinlənilib.

      Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

    Elmi Şuranın iclasında gizli səsvermənin nəticələri əsasında Riyazi analiz kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsi veteranı Abbasov Zəfər Duman oğluna Gəncə Dövlət  Universitetinin
“Fəxri professoru” adının verilməsi məqsədə uyğun hesab edilib.

       İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti