GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI ONLAYN KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində (GDU) 2020/2021-ci tədris ilində Elmi Şuranın növbəti iclası “Microsoft Teams” proqramı vasitəsilə online şəkildə təşkil edilmişdir.

Rektor Yusif Yusibov çıxışında bildirib ki, hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda elmə, təhsilə böyük diqqət və qayğı göstərib. Bu gün isə Prezident cənab İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Təhsil nazirliyi tərəfindən həyata keçirilən layihələr, aparılan uğurlu islahatlar isə təhsildə keyfiyyət göstəricilərinə müsbət təsir göstərir.

Rektor Yusif Yusibov daha sonra demişdir ki, Gəncə Dövlət Universitetinin çoxminlik kollektivi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” və “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamlarından irəli gələn, Təhsil nazirliyinin ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün apardığı islahatlarda və həyata keçirdiyi layihələrdə fəal iştirak edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirir.

Professor Yusif Yusibov şəhid ailələrindən olan tələbələrə, döyüşlərdə iştirak etmiş əməkdaşlara universitet tərəfindən gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planları haqqında danışıb. Qarşıdan gələn 8 mart Qadınlar günü münasibəti ilə universitetin bir qism əməkdaşlarına təqdim olunacaq  mükafatlardan bəhs edib. Rektor həmçinin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını professor-müəllim heyətinin nəzərinə çatdıraraq bu mövzu ətrafında keçiriləcək konfransların sayının artırılması haqqında da göstəriş vermişdir. 

İclasda rektor Yusif  Yusibov, şura üzvləri pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin distant formada və qismən olaraq əyani təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi məqsədi ilə təşkil olunmuş qoruyucu tədbirlərə əməl olunması  kimi məsələlər ətrafında fikir mübadiləsi aparmışdılar.

Daha sonra GDU-nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə  “Universitetin professor-müəllim heyətinin 2020-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri və 2021-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərin, tematik planların müzakirəsi” və Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun “2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının gedişi haqqında məlumatı“ ilə bağlı məruzələri ətrafında müzakirələr aparılmışdır.

Elmi Şurada GDU-nun qarşıda duran vəzifələri, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilmişdir.

Rektor Yusif Yusibov distant və əyani dərslərin təşkil edilməsi, idarə olunmasında fəal iştirak edən sturktur rəhbərlərinə, fakültə dekanlıqlarına, professor-müəllim heyətinə və texniki kollektivə təşəkkür edib, kollektivə uğurlar arzulamışdır.