Gəncə Dövlət Universitetində ikili diplom proqramı üzrə mütəxəssis hazırlığına başlanılacaq

Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibovun rəhbərliyi ilə universitetin nümayəndə heyəti Türkiyə Respublikasının Dokuz Eylül Universitetində ikili diplom proqramı ilə əlaqədar işguzar səfərdədir.

    GDU-nun rektoru Yusif Yusibov və universitetin nümayəndə heyəti öncə Dokuz Eylül Universitetinin tələbələri və müəllim heyəti ilə görüşüblər.

    Daha sonra Dokuz Eylül Universitetinin rektoru Nükhet Hotar GDU-nun rektoru Yusif Yusibovu yüksək səviyyədə qarşılayıb.

  İşgüzar görüş çərçivəsində ikili diplom proqramı ilə əlaqədar keçirilən Senato toplantısında (Elmi Şura) ali məktəblər arasında həyata keçiriləcək layihələrdən danşılıb.

    Bildirilib ki, ikili diplom proqramının tətbiqi ilə hər iki universitetin tələbələri beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslarda iki il Gəncə Dövlət Universitetində, növbəti iki ili isə Dokuz Eylül Universitesində təhsil ala biləcəklər.

    Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxışında iki ölkə arasındakı qardaşlıq münasibətlərindən ətraflı söhbət açıb. Dokuz Eylül Universiteti ilə ikili diplom razılaşmasını yüksək dəyərləndirən rektor Yusif Yusibov imzalanacaq əməkdaşlıq müqaviləsinin önəmindən danışıb.

    Öz növbəsində qardaş ölkənin universitetinin rektoru Nükhet Hotar qeyd edib ki, Gəncə Dövlət Universiteti ilə sözügedən təhsil ocağı arasında razılaşdırılan anlaşma təsdiqləndikdən sonra yaxın zamanda reallaşacaq.

   Elmi şurada GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin rəhbəri Vasif Həsənov, Tədris Departamentinin direktoru Elturan Yusifov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev universitetin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında çıxış ediblər. Qeyd edilib ki, bu proqram hər iki universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaq.

  O da xüsusi vurğulanıb ki, Dokuz Eylül Universiteti Azərbaycanda ilk olaraq Gəncə Dövlət Universiteti ilə ikili diplom proqramını həyata keçirəcək.

Işgüzar görüş çərçivəsində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və nümayəndə heyəti Dokuz Eylül Üniversitesinin mövcud imkanları ilə yaxından tanış olublar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti