Gəncə Dövlət Universitetində Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirilmişdir

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Mayın 27-də Gəncə Dövlət Universitetində keçirilən dəyirmi masada bütün bunlar haqqında ətraflı söhbət getmişdir.Dəyirmi masada əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, sonra topaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Dəyirmi masanı giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açdıqdan sonra Azərbaycn tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü”, həmin kafedranın baş müəllimi Eldar Mehdiyev “Çağdaş müsəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”,sosial fənlər kafedrasının baş müəllimi Qərənfil Ramazanova “Müstəqillik Azərbaycanın tarixi nailiyyətidir”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Yusifova “Müstəqilliyimizi xilas etmiş və əbədiləşmiş lider”, rektorun baş müşaviri, dosent Asif Cavadov “Müstəqilliyimiz əbədidir, dönməzdir, daimidir!”, AHİK-in sədri Afaq Qasımova “Müstəqilliyi qazanmaq nə qədər çətin olsa da, onu saxlamaq ondan da çətindir” mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.