Gəncə Dövlət Universitetində “Zəfər kuboku” adlı spartakiadanın açılışı olub

         Gəncə Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfər kuboku” adlı spartakiadanın açılışı olub.

       Əvvəlcə universitetdə şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstələri düzülüb.

      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Spartakiadanın açılış mərasimində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Vətən müharibəsi qaziləri, şəhid valideynləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və idmançılar iştirak ediblər.

    Tədbirin rəsmi hissəsində universitetin rektoru Yusif Yusibov çıxış edərək  44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb. Rektor bildirib ki, 8 Noyabr Zəfəri Möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yenilməz iradəsinin, böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin nümayiş etdirdi. Şəhidlərimizin əziz xatirəsinin heç vaxt qəlblərdən silinməyəcəyini vurğulayan  rektor Yusif Yusibov onu da bildirib ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. 

     Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov çıxışında spartakiadanın ölkə idmanı üçün əhəmiyyətini vurğulayıb və gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs edib.

      Tədbirdə şəhid Elşən Abdullayevin atası-universitetin Fizika kafedrasının müəllimi Sabir Abdullayev və şəhid Vidadi İsrafilovun atası Vafiq İsrafilov çıxış ediblər və şəhidlərimizi daim hörmətlə yad edən universitet rəhbərliyinə təşəkkür ediblər.

      Tədbirdə universitet idmançıları və idman komandalarının şəhər, həmçinin respublika səviyyəli yarışlarında qazandıqları nailyyətlərə görə fəxri fərmanları və kubokları təqdim olunub.

       Qeyd edilib ki, 2022-2023-cü tədris ilində GDU komandası Gəncə şəhəri üzrə  ali məktəblər arasında ümumi spartakiada yarışlarında 1-ci yeri, respublika üzrə isə 2-ci yeri qazanıb.

     Tədbirin davamında ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar olub.  

     Bədii hissədə vətənpərvərliyə aid şeirlər söylənib və mahnılar oxunub.

      Bildirək ki, fakültələrarası spartakiada yarışları şahmat, voleybol, basketbol, futbol, stolüstü tennis və atıcılıq olmaqla 6 idman növü üzrə keçirilir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti