Gəncə Dövlət Universitetinin əməkdaşları Avropa İttifaqının Erasmus+ proqramına əsasən tədqiqat potensialının artırılması üzrə beynəlxalq layihənin ilk görüşündə iştirak ediblər

Gəncə Dövlət Universiteti Avropa İttifaqının (Aİ) Erasmus+ proqramının Ali Təhsildə Potensialın Gücləndirilməsi fəaliyyət çərçivəsində Avropa Komissiyasının (AK) maliyyələşdirdiyi Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi (DIRNA) beynəlxalq konsorsium layihəsinə tərəfdaş qismində qoşulub. Layihənin koordinator Xəzər Universitetidir. 2023-2026-ci illəri davam edəcək “Erasmus+ DIRNA” beynəlxalq konsorsium layihəsinin Avropadan olan tərəfdaşları Finlandiyanın Jivaskule (Jyväskylä) Universiteti, Türkiyənin İzmir Texnologiya İnstitutu və İtaliyanın Degli Studi Dell’Aquila Universiteti ilə yanaşı Azərbaycandanda benefisiar qurumlar Xəzər Universiteti (koordinator), Gəncə Dövlət Universiteti, Dövlət Kömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti,  Lənkəran Dövlət Universiteti  və Naxçıvan Dövlət Universitetidir.

“DIRNA” layihəsinin əsas məqsədi Avropanın bu sahə üzrə mütərəqqi təcrübə və standartlarının öyrənilməsi və tətbiqi əsasında, Xəzər Universitetinin dəstəyi ilə üzv olan Azərbaycan ali təhsil müəssisələrində tədqiqat nəticələrinin idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətli elmi tədqiqatların əlçatanlılığının artırılması, tədqiqat nəticələrinə və resurslarına çıxış imkanının dəstəklənməsidir. Layihənin əsas məqsədlərinə həmçinin ölkə daxilində layihənin benefisiar ali təhsil müəssisələri arasında elmi əlaqələrin və koordinasiyanın təşviqi və inkişafı məqsədilə benefisiar universitetlərdə institusional repozitoriyaların (İR) və onlardan ibarət “Açıq Girişə” malik “İR” şəbəkəsinin yaradılması da daxildir. Layihəyə əsasən yerli və xarici təlimlər, proqram təminatı, ikili və beynəlxalq əməkdaşlıq fəaliyyətləri, tədqiqat nəticələrinə və tədqiqat bazalarına çıxışın təşviq və təşkil edilməsi nəzərdə tutulur.

Xəzər Universitetində “Erasmus+ DIRNA” layihəsinin başlanmasına dair keçirilmiş açılış tədbirində layihəyə üzv olan 11 ali təhsil müəssisəsinin nümayəndələri arasında layihənin icra planı, iş paketləri və gələcəkdə gözlənilən öhdəliklər və çağırışlar geniş müzakirə edilib. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlının giriş nitqi ilə başlayan tədbirin rəsmi açılış hissəsində universitetin rektoru dos. İradə Xəlilova və Azərbaycan Milli ERASMUS+ ofisinin direktoru Pərviz Bağırov çıxış edərək layihənin Azərbaycanda elmi tədqiqat potensialının artırılması istiqamətində hədəflərindən və Aİ-nin Erasmus+ proqramının bu sahədə rolundan bəhs ediblər.

Qeyd olunan tədbirdə GDU-nu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnformasiya və Kommunikasıya Texnologiyaları şöbəsinin müdiri Asif Həsənov təmsil ediblər. Asif Həsənov Universitetin təqdimatını edərək, GDU-nun “DIRNA” layihəsində tərəfdaşlığının məqsədləri, öhdəlik və gələcək planlarını tədbir iştirakçılarına təqdim etdi.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.