Gəncə Dövlət Universitetinin əməkdaşları “Beynəlxalq həftə”də iştirak etmişlər

Bakı Biznes Universitetində “Erasmus+” proqramı çərçivəsində xaricdəki universitetlərin keyfiyyət təminatına dair təcrübələrin Azərbaycan ali məktəblərinə ötürülməsi məqsədilə tədbir keçirilmişdir.

“Ali Təhsildə Keyfiyyət Təminatı” üzrə “Beynəlxalq həftə”  adlı tədbirə Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili  Pərvin Kərimzadə və Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov da iştirak etmişlər.

  Tədbirdə həmçinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri, Avropanın 6 qabaqcıl universitetlərinin -İngiltərə, İsveç, İspaniya, İtaliya, Türkiyə və Polşa universitetlərinin nümayəndələri və Azərbaycanın ali təhsil müəssisələrinin əməkdaşları da qatılmışlar.

  “Keyfiyyət təminatının ali təhsildə rolu”, “Jaen Universitetinin keyfiyyət təminatı sistemi”, “İspaniya planlaşdırma və qiymətləndirmə sistemi”, “Tuscia Universitetində daxili keyfiyyət təminatı sisteminin qurulması və icrası”, “Keyfiyyətin təmin olunmasında özünüqiymətləndirmə fəaliyyətinin mahiyyəti və faydaları”, “Polşa universitetləri təcrübəsində tədrisin keyfiyyətinin təmin edilməsi mexanizmləri və tədris prosesinin qurulması” mövzularında təqdimatlar keçirilmişdir.

Təlimlərin növbəti günlərində isə xarici partnyorlar tərəfindən təhsil proqramı üzrə komitələrin funksiyaları, pofessor-müəllim heyətinin qiymətləndirilməsi, dekanların keyfiyyət təminatında rolu, strateji planlama, daxili audit, məmnunluq sorğularının keçirilməsi istiqamətlərində seminarlar və təcrübə mübadilələri aparılacaqdır.

 Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti