Gəncə şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri üçün inklüziv təhsil üzrə ixtisasartırma təlimləri keçirilib

Gəncə Dövlət Universitetinin Əlilliyi olan tələbələr üçün mərkəzin mütəxəssisi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) inklüziv təhsil üzrə təlimçi-mentoru, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova tərəfindən Gəncə şəhəri 20 və 39 nömrəli tam orta məktəblərin müəllimləri üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib.
Ümumilikdə 24 akademik saat həcmində təşkil olunan təlimlərdə 40 nəfər müxtəlif fənləri tədris edən müəllim iştirak edib.
Təlimlərin əsas məqsədi müəllimlərin inklüziv təhsil sahəsində nəzəri bilik və praktik bacarıqlarını inkişaf etdirmək, inklüziv siniflərdə təlim prosesinin səmərəli təşkili və müxtəlif təhsil ehtiyacları olan şagirdlər üçün əlverişli öyrənmə mühitinin yaradılması istiqamətində peşəkar kompetensiyalarını artırmaq olub.
Təlim proqramı çərçivəsində inklüziv təhsilin əsas prinsipləri, şagirdlərin fərdi xüsusiyyətlərinin və təhsil ehtiyaclarının nəzərə alınması, təlimin diferensiallaşdırılması, müvafiq təlim strategiyalarının seçilməsi və bütün şagirdlərin dərs prosesində fəal iştirakının təmin edilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.
İnteraktiv metodlar, müzakirələr və praktik tapşırıqlar əsasında keçirilən təlimlər müəllimlərə inklüziv siniflərdə qarşılaşa biləcəkləri çətinlikləri təhlil etmək, onların həlli yollarını müəyyənləşdirmək və əldə etdikləri bilikləri pedaqoji fəaliyyətlərində tətbiq etmək imkanları yaradıb.
Bu istiqamətdə həyata keçirilən peşəkar inkişaf tədbirləri ümumtəhsil məktəblərində inklüziv təhsil mühitinin gücləndirilməsinə, müəllimlərin metodiki hazırlığının artırılmasına və hər bir şagirdin fərdi ehtiyacları nəzərə alınmaqla keyfiyyətli təhsil imkanlarından yararlanmasına dəstək göstərir.