Gəncədə “2 fevral Azərbaycan Gəncləri Günü”nün təsis olunmasının 25 illiyi təntənə ilə qeyd olundu

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan ümumşəhər tədbirində ilk öncə rəsmilərin iştirakı ilə istedadlı gənclərin rəsm sərgisinə baxış olmuşdur. Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılmış, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimzin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.

Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, “2 fevral Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə bütün gəncləri təbrik etmiş və onlara uğurlar arzulamışdır.

Daha sonra çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 2021-ci il ərzində Baş İdarənin gənclər sahəsində gördüyü işlər haqqında hesabat xarakterli çıxış edərək, gəncləri bu gün münasibətilə təbrik etmiş, onlara ölkəmizin inkişafı naminə gələcək işlərində müvəffəqiyyətlər arzulamış və Gəncə gənclərinin cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini əminliklə ifadə etmişdir.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili çıxış edərək, gəncləri təbrik etmiş və onlara uğurlar arzulamış, gələcəyimizin gənclərin əlində olduğunu qeyd etmişlər.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində şəhərin ictimai həyatında fəal iştirakına görə və “2 fevral Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə bir sıra gənclər Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Gənclər adından çıxış edən Mobil Qarayev göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirmiş və özlərini bundan sonrada inkişaf etdirərək dövlətimiz üçün layiqli və lazımlı gənc olacaqlarını söyləmişdir.

Daha sonra gənclər adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanmışdır.Mərasimdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının gəncləridə təltif olunmuşdur. Mərasimin sonunda təltif edilən gənclər sülh göyərçinləri havaya buraxaraq, xatirə şəkli çəkdirmişlər.