Gəncədə qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb

Türkiyənin Gəncədəki Baş konsulluğunda qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.

    Şəhər ictimaiyyəti ilə birgə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və ali məktəbin kollektivi Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında zəlzələ qurbanlarının xatirəsinə yaradılan guşəyə gül dəstələri düzüblər.

   Rektor Yusif Yusibov Gəncədəki Baş konsul Recep Öztopa dərin hüznlə başsağlığı verib, qardaş ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyib.

Rektor Yusif Yusibov konsulluqdakı xatirə kitabına Türkiyə xalqına başsağlığı qeydlərini yazıb.

   Baş konsul Recep Öztop göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

   Xatırladaq ki, fevral ayının 6-da Türkiyədə baş verən güclü zəlzələ nəticəsində xeyli sayda insan dağıntılar altında qalaraq həlak olub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti