GDU-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

      Gəncə Dövlət Universitetində (GDU) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

     Öncə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və professor-müəllim heyəti 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərləri və kitablardan ibarət  stendə baxış keçiriblər.

     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş olunub.

   Gəncə Dövlət Univesitetinin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə  sovet hərbi birləşmələrinin xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan danışıb. Bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin zəfər salnaməsidir.

      Rektorun baş müşaviri Asif Cavadov 20 Yanvar faciəsinin başvermə səbəbləri və nəticələrindən danışıb. Bildirib ki, 34 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna sovet ordu birləşmələri yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilmişdir.  Xalqımız böyük faciə ilə üzləşsə də Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir.

     GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında vurğulayıb ki, o ağır günlərdə Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Prorektor Pərvin Kərimzadə şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqaməmində həyata keçirilən tədbirlərdən və onların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açıb.

    Tədbirdə ”Azərbaycan tarixi kafedrasnın baş müəllimi Eldar Mehdiyevin “20 Yanvar – qanla yazılan tarix”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusibovanın “Azərbaycanın qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi”, Azərbaycan dili kafedrasının müəllimi Günel  Məmmədovanın  “İnsanlığa qarşı ən böyük cinayət” adlı məruzələri dinlənilib.

    Çıxışlardan sonra  tələbələrin ifasında 20 Yanvar şəhidlərinə həsr edilmiş şeirlər səsləndirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti