GDU-da “Bahar Musiqi Festivalı” keçirilib

Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq    “Bahar Musiqi Festivalı” keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Daha sonra Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun baş müşaviri Asif Cavadov, eləcə də Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov çıxış edərək dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd ediblər ki, bu cür layihələr gənclərin fəallığının və yaradıcılığının inkişafına böyük töhfə verir. Göstərilən diqqətə və  davamlı dəstəyə görə isə ölkə rəhbərliyinə  təşəkkür edilib.

   Tədbirin bədii hissəsində Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “CreArt” rəqs klubu ilə birlikdə hazırlanan “Uzundərə” rəqsi təqdim olunub.

    Həmçinin xarici və milli musiqilər də festivalda canlı ifa olunub. “Çinar Band” qrupunun səsləndirdiyi müxtəlif musiqilər isə alqışlarla  qarşılanıb.

   Festivalın sonunda tələbələr birlikdə rəqs edərək şən əhval-ruhiyyə ilə həmrəylik nümayiş etdiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti