GDU-da Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetində 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə nümayəndələri, Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələr iştirak ediblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən danışıb. Qeyd edib ki, ölkəmizdə tolerantlığın möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti Azərbaycanda yaşayan milli azlıqlar, eləcə də dini icmalar arasında dostluğun, qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov mövzu ətrafında çıxış edərək Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu bildirib.
Tədbirin sonunda tolerantlığa aid film nümayiş olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti