GDU-da Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda rektor Yusif Yusibov Elm və Təhsil nazirinin əmri ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə direktor vəzifəsinə təyin olunan İlqar Kubışovu təbrik edib.
Bir müddət öncə vəfat etmiş elmi katib Teymur İsmayılovun xatirəsi yad edildikdən sonra elmi katib vəzifəsinə təyin olunan Seymur Meşaik və Qiyabi şöbənin yeni müdiri Elsevər Nağıyev kollektivə təqdim edilib və onlara fəaliyyətlərində uğurlar arzulanıb.
İclasda təhsilin inkişafı sahəsində səmərəli elmi fəaliyyətinə görə Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilən Fizika kafedrasının dosenti Zakir Zeynalov və Kimya kafedrasının baş müəllimi Eyyub Abbasov təbrik olunub.
Elmi Şurada rektor Yusif Yusibov Riyazi-analiz kafedrasının əməkdaşları-Tahir Məmmədovun “Diferensial tənliklər” ixtisası və Nazim Neymətovun “Analiz və funksional analiz” ixtisası üzrə dosent elmi adı, İnformatika və cəbr kafedrasının baş müəllimi İlhamə Zeynalovanın “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Riyaziyyatın tədrisi metodikası)” ixtisası və Iqtisadiyyat kafedrasının əməkdaşı Kənan Rəhimovun “Ümumi iqtisadiyyat” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq diplomları və attestatları təqdim edərək, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda uzunmüddətli səmərəli fəaliyyətinə görə və yubileyi münasibəti ilə GDU-nun 3 əməkdaşına-“Yüksəliş” qəzetinin müxbiri Firəngiz İdris qızına, İnzibati-təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənova və Kimya fakültəsinin dekanı İsfəndiyar Alverdiyevə universitet rektorunun imzaladığı Fəxri Fərmanlar və mükafatlar verilib.
İclasda II Türk Dövlətləri Universiadasında GDU tələbələrinin yüksək nəaliyyət əldə etməsinə görə məşqçi müəllim Urfan Cabbarov, həmin yarışda sərbəst güləş üzrə I yeri qazanan universitetin tələbəsi Camal Abbasov və III yeri tutan Vasif Bağırov rektorun imzaladığı Fəxri Fərmanla mükafatlandırılıb.
Daha sonra Elmi Şuranın iclası öz işinə başlayıb. Universitetin rektoru, professor Yusif Yusibov iclası giriş sözü ilə açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada birinci məsələ – Universitetin əmək intizamının möhkəmləndirilməsi üçün görülən işlərin vəziyyəti barədə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevanın, ikinci məsələ – Buraxılış kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin təşkili ilə əlaqədar görülən işlərə dair Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin məruzəsi dinlənilib.
İclasda Leksika və ölkəşünaslıq, Praktik xarici dillər kafedralarının 5 illik fəaliyyətinə dair hesabatları, eləcə də komissiya sədrlərinin çıxışları dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şurada Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşların və professor-müəllim heyətinin əməkhaqlarının 10 % miqdarında artırılması barədə qərar səsvermə yolu ilə qəbul edilib.
İclasda Aynur Bayramovanın “Botanika” ixtisası üzrə professor, Afaq Qasımovanın “Bitkiçilik” ixtisası üzrə dosent, Yeganə Aslanovanın “Mikrobiologiya” ixtisası üzrə dosent elmi adını almağa dair AAK qarşısında vəsatət qaldırılması məsələsi gizli səsvermə yolu ilə qəbul olunub.
Sonda qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması və görüləcək işlər müzakirə edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti