GDU-da Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

    Elmi Şura öz işinə başlamazdan öncə uzunmüddətli səmərəli fəaliyyəti və yubileyi münasibəti ilə GDU-nun 3 əməkdaşına – Ümumi Pedaqogika kafedrasının müdiri Şahin Tağıyevə, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədovaya və Rus dili kafedrasının baş müəllimi Balabəy Qədirova Fəxri Fərman və mükafat verilib.

    Universitetin Riyazi analiz kafedrasının dosenti Abbas Hüseynova GDU-nun Fəxri professoru diplomu  təqdim olunub və elmi fəaliyyətində uğurlar arzulanıb.  

    Daha sonra universitetin rektoru Yusif Yusibov Botanika kafedrasının əməkdaşı Fidan İsayevanın “Botanika” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş müvafiq diplomu təqdim edib.  

        Rektor Yusif Yusibov ali təhsil müəssisələri arasında fərqləndiyinə və gənclərin inkişafı istiqamətində xüsusi xidmətlərinə görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülməsi münasibəti ilə GDU-nun TGT sədri Fuad Dadaşovu təbrik edib, region universitetləri içərisində yalnız Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının bu ada layiq görüldüyünü diqqətə çatdırıb.

     Sonra Elmi Şura öz işinə başlayıb. İclası giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

   Elmi Şurada birinci məsələ – Əyani və qiyabi təhsil üzrə  2023/2024-cü tədris ilinin payız imtahan sessi­yasının yekunları haqqı­­­­­nda Tədris məsələləri üzrə prorektor Şahin Xurşudovun məruzəsi dinlənilib. Bildirilib ki, sessiya dövründə mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb, 2023/2024 tədris ilinin payız imtahan sessiyası üzrə müvəffəqiyyət və  keyfiyyət göstəricilərində yüksəliş qeydə alınıb. 

      Gündəlikdə duran növbəti məsələ – İbtidai sinif müəllimliyi təhsil proqramının akkreditasiya qiymətləndirilməsi üçün yaradılmış Təşkilat komissiyasının özünütəhlil nəticələri haqqında Tədris Departamentinin direktoru Elturan Yusifov geniş məruzə ilə çıxış edib, universitetdə elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə EDUMAN proqram təminatı ilə bağlı məlumat verib.

      Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

      Iclasda Seymur Meşaikin İnformatika və cəbr kafedrasında, Mehriban Məmmədovanın Azərbaycan dili kafedrasında, Yeganə Hüseynovanın Azərbaycan və dünya ədəbiyyatı kafedrasında, Afaq Əliyevanın Botanika kafedrasında vakant olan dosent vəzifəsini tutmaları və Saidə İsmayılzadənin Ümumi tarix ixtisası  üzrə dosent elmi adını almağa dair AAK qarşısında vəsatətin qaldırılması məsələsi gizli səsvermə yolu ilə qəbul edilib.

    Rektor Yusif Yusibov ali təhsildə keyfiyyətin yüksəldilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.

    Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti