GDU-DA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl bir müddət öncə vəfat etmiş Elmi Şuranın üzvü, Riyazi analiz kafedrasının müdiri Orucəli Rzayevin xatirəsi yad olunub.
Daha sonra rektor Yusif Yusibov İqtisadiyyat kafedrasının əməkdaşı Xədicə Məmmədovanın Sahə iqtisadiyyatı ixtisası üzrə elmlər doktoru və Riyazi analiz kafedrasının əməkdaşı Bahar Vəliyevanın Diferensial tənliklər ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi, eləcə də Fransız dili kafedrasının əməkdaşı Vüsalə İsgəndərovanın Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə dosent elmi adı almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomları təqdim edərək onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətləri və yubileyləri münasibəti ilə Nəşriyyat şöbəsinin əməkdaşı Nizami Nəbiyevə və Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki-müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədovaya Fəxri Fərman və mükafat təqdim edilib.
İclasda Gəncə Dövlət Universitetinin qazandığı uğurlardan bəhs olunub. Diqqətə çatdırılıb ki, ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində təşkil olunmuş “IV Aqrar İnnovasiya və Startaplar Forumu”nda iştirak edən Gəncə Dövlət Universitetinin tələbələri uğurlu çıxışları, əldə etdikləri nailiyyətlər və universitetin imicinin yüksəldilməsində göstərdikləri xidmətlər nəzərə alınaraq Fəxri fərmanla təltif olunub. Bununla yanaşı YAP Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Tariximizin həqiqətləri” adlı elmi – intellektual yarışda GDU-nun komandası 1-ci yeri qazanaraq Kuboka və Fəxri Fərmana layiq görülüblər.
Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
İclasın gündəliyində duran məsələlərə dair- Əyani və qiyabi təhsil üzrə 2025/2026-ci tədris ilinin payız imtahan sessiyasının yekunları haqqında Tədris Departamentinin direktoru Elturan Yusifovun, Universitetin Təhlükəsizlik xidmətinin 2025-ci ildə gördüyü işlərə dair xidmətin rəhbəri Xəqani Umudovun və GDU Tələbə Gənclər Təşkilatının gördüyü işlər barədə TGT-nin sədri İsrafil Abbasovun ətraflı hesabat məruzəsi dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şuranın iclasında GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək Ekologiya və Təbii Ehtiyatlar, Bioresurslar və Aqrar Problemlər İnstitutlarının, eləcə də Nəbatat Bağının Gəncə Dövlət Univesitetinin tabeliyinə verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2025-ci il tarixli 545 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Universitet üzrə yaradılan müvafiq Komissiyanın fəaliyyətindən danışıb. Rektor Yusif Yusibovun tapşırığı əsasında 4 elmi müəssisədə cari fəaliyyət vəziyyətinin obyektiv qiymətləndirilməsi, elm, tədris və innovasiya potensialının universitetlə uyğunlaşdırılması, həmçinin idarəetmə, maliyyə və insan resurslarının səmərəli inteqrasiyasının təmin edilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
Daha sonra 4 elmi müəssisənin fəaliyyəti ilə bağlı komissiya tərəfindən hazırlanmış hesabat məruzəsi dinlənilib.
İclasda Təhsilin pedaqogikası və metodikası kafedrasının əməkdaşı Şəlalə Binnətovanın “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisası üzrə üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.
Elmi Şuranın iclasında qarşıdan gələn Novruz bayramı münasibətilə Gəncə Dövlət Universitetinin bütün əməkdaşlarına pul mükafatının verilməsi barədə qərar qəbul olunub.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti








