GDU-da Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib
Gəncə Dövlət Universitetində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə bağlı “Sənət inciləri ” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, Azərbaycanın musiqi tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin misilsiz xidmətləri var. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildən etibarən isə Mili Musiqi Günündə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Fesivalı keçirilir.
Musiqi fənləri kafedrasının müdiri Sevda Qurbanəliyeva “Gəncənin musiqi mədəniyyəti tarixində Üzeyir Hacıbəylinin imzası” adlı məruzəsində vurğulayıb ki, dahi bəstəkarın zəngin və çoxşaxəli yaradıcılığa malik mədəni irsi Azərbaycan xalqı və dövləti tərəfindən həmişə yüksək qiymətləndirilib. 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Belə tədbirlər həm xalqımızın milli musiqi irsini dərk etməsinə, həm də Üzeyir Hacıbəylinin zəngin irsinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Tədbirdə Musiqi müəllimliyi ixtisasının tələbəsi Fidan Qurbanovanın “Üzeyir Hacıbəylinin yaradıcılıq siması” adlı məruzəsindən sonra digər tələbələrin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti











