GDU-da “Müstəqil tariximizə qızıl hərflərlə yazılan tarixi gün” adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə dövlət başçısı Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
“Müstəqil tariximizə qızıl hərflərlə yazılan tarixi gün” adlı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, son iyirmi ildə qazanılan misilsiz nailiyyətlərə imza atan, müdrik siyasəti və qüdrətli liderliyi nəticəsində ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi xidmətlərindən bəhs edib.
Tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək dövlət başçısı Cənab İlham Əliyevin 20 il ərzində Azərbaycanın inkişafına hesablanmış və həyata keçirilmiş uğurlu siyasətindən ətraflı danışıblar.
Çıxışlarda o da vurğulanıb ki, Azərbaycan tarixinin ən möhtəşəm dövrlərindən birini yaşayır. Bu ilin oktyabr ayının 15-də dövlət başçısı Cənab İlham Əliyevin işğaldan azad olunan torpaqlarımıza səfəri çərçivəsində əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması qürurumuzun təcəssümüdür.
Daha sonra GDU Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərovanın “Prezident İlham Əliyevin 20 illik fəaliyyətində elm və gənclərin inkişafında görülən işlər” və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Nurlan Vəlizadənin “Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatının dünəni və bu günü” mövzusunda çıxışları dinlənilib.
Tədbirin davamında Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində çıxışına dair videoçarx nümayiş etdirilib.
Sonda “Müstəqilliyin şanlı tarixi (2003-2023-cü illər)” mövzusunda keçirilən bilik yarışının qaliblərinə sertifikatlar təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti