GDU-da “Müstəqilliyin şanlı tarixi (2003-2023-cü illər)” mövzusunda bilik yarışı keçirilib
Gəncə Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Tarix-Coğrafiya fakültəsinin tələbələri arasında “Müstəqilliyin şanlı tarixi (2003-2023-cü illər)” mövzusunda bilik yarışı keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətindən və tarixi uğurlarından danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.
Dövlət başçısının uğurlu daxili və xarici siyasətindən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan prorektor Pərvin Kərimzadə qeyd edib ki, bu gün Azərbaycan dünyada böyük söz və nüfuz sahibinə malikdir.
Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə mövzu ətrafında çıxış edib, tələbələrə uğurlar arzulayıb.
Çıxışlardan sonra bilik yarışına start verilib. Dövlət başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə dair III mərhələ üzrə tələbələrə suallar təqdim olunub.
Yarışın nəticələrinə görə “Şuşa” komandası I yeri, “Kəlbəcər” komandası II yeri, “Füzuli” komandası III yeri tutub.
Sonda qalib komandaya kubok və diplom təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti