GDU-da “Qafqazda sülhün və sabitliyin təmin olunmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib

         Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qafqazda sülhün və sabitliyin təmin olunmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə rektorun baş müşaviri Asif Cavadov açaraq Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, atəşkəsə nail oldu və Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Atəşkəsdən bir neçə ay sonra imzalanan “Əsrin müqaviləsi” ölkəmizin güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynadı.

      Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edib. Bildirib ki, Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir və ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.

     Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, GDU AHİK-in sədri Afaq Qasımova, Riyazi-analiz kafedrasının müdiri Orucəli Rzayev və Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə mövzu ətrafında çıxış ediblər. Ümummilli Lider Heydər Əliyevin ölkədə sülh və sabitliyin təmin olunmasında, həmçinin beynəlxalq nüfuzunun sürətlə artması istiqamətindəki səmərəli fəaliyyətindən bəhs ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti