Gəncə Dövlət Universitetində iclas keçirilib
Gəncə Dövlət Universitetində (GDU) tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim və tədris-köməkçi heyəti arasında əmək intizamının, davamiyyətin möhkəmləndirilməsinə həsr edilmiş iclas keçirilib.
İclasda universitetin rektoru Yusif Yusibov, prorektorlar, fakültə dekanları, şöbə müdirləri, universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiya üzvləri iştirak ediblər.
Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq 2023-2024-cü tədris ilində ali təhsil ocağında qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti və əldə edilən uğurlardan danışıb, universitetdə innovasiya fəaliyyətinin dəstəklənməsi, tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi və tələbələrin savadlı kadr kimi yetişməsi istiqamətində əldə edilən mühüm nəaliyyətlərdən söhbət açıb. Rektor bildirib ki, GDU-nun əsas hədəfi müasir dövrün tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır.
İclasda tələbələrin dərslərə davamiyyətinin vəziyyəti, tədris-köməkçi, inzibati işçilərin və müəllim heyətinin əmək intizamı, həmçinin keçirilən açıq dərslərin vəziyyəti ətraflı təhlil olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti