GDU-da Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl Günlər” mövzusunda dəyirmi masa keçirilib
Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl Günlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Dəyirmi masada Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, Botanika kafedrasının müdiri Vaqif Novruzov çıxış edərək ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıblar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu bildiriblər.
Dəyirmi masada dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açılıb, təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə Gəncə Dövlət Universitetində həyata keçirilən işlərdən bəhs edilib.
Daha sonra “İqlim dəyişikliyi”, “Torpağın deqradasiyası”, “Su resurslarının azaldılması”, “Plastik çirklənmə” və “Bioloji müxtəlifliyin itməsi” mövzularında tələbələrin məruzələri dinlənilib.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti