GDU-da tədrisin təşkilinə və əmək intizamına həsr edilmiş iclas keçirilib

Gəncə Dövlət Universitetində (GDU) tədrisin  keyfiyyətinin yüksəldilməsi, əmək intizamının, davamiyyət və daxili intizamın qorunmasına həsr edilmiş iclas keçirilib. 

      Iclasda universitetin rektoru Yusif Yusibov, prorektorlar, fakültə dekanları, şöbə müdirləri və universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiya üzvləri iştirak edib.

      İclası rektor Yusif Yusibov giriş sözü ilə açaraq ali təhsil ocağının uğurlarından ətraflı danışıb, universitetdə innovasiya fəaliyyətinin dəstəklənməsi, tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi və  tələbələrin savadlı kadr kimi yetişməsi, onların peşəkar mütəxəssis kimi formalaşması istiqamətində əldə edilən mühüm nəaliyyətlərdən bəhs edib. Rektor bildirib ki, ali təhsil ocağnın əsas hədəfi müasir dövrün əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır.

     Yığıncaqda tələbələrin dərslərə davamiyyətinin vəziyyəti, buraxılış kurs tələbələrinin pedaqoji , istehsalat təcrübələri, tədris-köməkçi, inzibati işçilərin və müəllim heyətinin əmək intizamı və açıq dərslərin gedişi ətraflı təhlil olunub. Tələbələrin buraxılış yekun dövlət attestasiyasına dair müzakirələr edilib.

     Rektor Yusif Yusibov əmək intizamının, davamiyyət və təhsilin keyfiyyətinin yüksəldilməsinə dair mühüm tapşırıqlar verib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti