GDU-da Türkiyəli professor tərəfindən ustad dərsi keçirilib

23 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində müasir tarix və beynəlxalq münasibətlər kontekstində mühüm mövzulardan birinə həsr olunmuş “Amerika və 1915-ci il hadisələri” mövzusunda ustad dərsi keçirilib.

 Türkiyənin tanınmış alimi, İzmir Dokuz Eylul Universitetinin prorektoru, professor Dilşen İnce Erdoğan mövzunu tarixi sənədlər, diplomatik mənbələr və müasir beynəlxalq hüquq kontekstində ətraflı şərh edib. Professor 1915-ci il hadisələrinin tarixilik və hüquqilik baxımından müxtəlif yanaşmaları təqdim edərək, xüsusilə ABŞ-ın bu məsələyə münasibətinin tarixi dəyişiklikləri və bu yanaşmanın geosiyasi təsirlərini təhlil edib.

Məruzə zamanı ABŞ Konqresində qəbul edilən sənədlər, müxtəlif Prezident Administrasiyalarının mövqeləri və bu yanaşmanın Türkiyə-Amerika münasibətlərinə təsiri haqqında danışılıb.

Ustad dərsində Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti, tarix və iqtisadiyyat ixtisası üzrə təhsil alan magistrantlar və tələbələr fəal iştirak ediblər.

Daha sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Ustad dərsinin sonunda Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən professor Dilşen İnce Erdoğana təşəkkür ifadə olunub, eləcə də gələcəkdə birgə elmi-tədqiqat və mübadilə proqramları üzrə əməkdaşlıq imkanları haqqında söhbət açılıb.

O da qeyd olunub ki, bu cür ustad dərslər tələbə və müəllim heyətinin elmi dünyagörüşünün genişləndirilməsi, akademik baxış bucaqlarının zənginləşdirilməsi və beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli rol oynayır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti