GDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması prioritet məsələ olmuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Azərbaycanda ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verilir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, prezident Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətindən xəbər verir.
Tədbirdə AMEA-nın müxbir üzvü, GDU-nun Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov “Yaşıl dünya naminə gedən yolun astanasında” mözsunda çıxış edib. Qeyd edib ki, enerji mənbələrinə və xammala artan tələbat əsasən neft, təbii qaz və kömür də daxil olmaqla ənənəvi yanacaq növləri hesabına ödənilir. Bu da Yer kürəsində ciddi ekoloji problemlərin yaranmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi bərpa olunan enerji resurslarına –“yaşıl enerji”yə keçid göstərilir.
Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Natiqə İsmayılzadə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində həyata keçiriləcək tədbirlər” mövzusunda çıxış edib. “Azərbaycanda texniki bitkilərin istehsalı üzrə torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsi çərçivəsində Pakistan və Türkiyədə keçirilən elmi seminarda qazandığı təcrübədən bəhs edib.
Daha sonra Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Sevda İbrahimovanın “İqlim dəyişmələrinin insanın genetikasına təsiri” və Kimya-biologiya fakültəsinin 2-ci kurs tələbəsi Şəfiqə İsgəndərovanın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə o da diqqətə çatdırılıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə universitetdə silsilə tədbirlər, konfranslar, maarifləndirmə işləri, ağacəkmə aksiyaları həyata keçirilir və atılan addımların ilboyu davam etdirilməsi nəzərdə tutulur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti