GDU nümayəndə heyəti Kırşehir Ahi Evran Universitetində Keyfiyyətin İdarə Olunması Koordinatorluğunu ziyarət edib
14-18 iyul 2025-ci il tarixlərində Türkiyə Respublikasında yerləşən Kırşehir Ahi Evran Universitetində səfərdə olan Gəncə Dövlət Universitetinin (GDU) nümayəndə heyəti prorektor Hüseyin Şimşəkin rəhbərlik etdiyi Keyfiyyətin İdarə Olunması Koordinatorluğunu ziyarət edib. Səfər zamanı nümayəndə heyəti qardaş ölkə universiteti ilə akademik əməkdaşlıq və keyfiyyət prosesləri ilə bağlı müzakirələr aparıb. İki universitet arasında imzalanmış akademik əməkdaşlıq protokolu çərçivəsində səfərdə olan GDU əməkdaşları Kırşehir Ahi Evran Universiteti tərəfindən yaradılmış və tətbiq olunan keyfiyyət təminatı sistemi – BKYS ilə tanış olub.
Səfərdə Gəncə Dövlət Universitetini İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, Tədris departamentinin direktoru Elturan Yusifov, İKT şöbəsinin müdiri Asif Həsənov və İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil edib.
Səfərin ilk günü GDU nümayəndə heyəti Kırşehir Ahi Evran Universitetinin Keyfiyyətin idarə olunması koordinatorluğuna baş çəkdi. Koordinatorluq öz vəzifələri, iş modeli, fəaliyyətləri və cari keyfiyyət prosesləri haqqında geniş təqdimatlar etdi. Səfər zamanı Türkiyənin milli proqram təminatı olan, İnteqrasiya edilmiş Keyfiyyət İdarəetmə Sistemi (BKYS) və Tədris Sistemi (AYDEP) GDU nümayəndə heyətinə ətraflı şəkildə təqdim edib. Bu tətbiqlərin texniki infrastrukturu və akademik əməliyyatlarda yeri ilə bağlı təqdimatlar edilib.
Səfərin üçüncü günü Kırşehir Ahi Evran Universitetinin Keyfiyyət Təminatı Komissiyası üzvləri ilə birgə görüş təşkil edilib. Görüş zamanı hər iki ölkədə mövcud olan akkreditasiya meyarları müzakirə edilib, onlar arasında oxşar və fərqli cəhətlər araşdırılıb.
Səfərin dördüncü günü prorektor Hüseyin Şimşəkin rəhbərlik etdiyi Keyfiyyətin İdarə Olunması Kordinatorluğunun nümayəndələri ilə Strateji İnkişaf Planının hazırlanması ilə bağlı müzakirələr aparılıb. Strateji plan hazırlanan zaman fəaliyyətlərin müəyyən edilməsi, məsul şəxslərin təyin edilməsi, risk analizinin aparılması kimi məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfərin beşinci günü prorektor Hüseyin Şimşəkin rəhbərlik etdiyi Keyfiyyətin İdarə Olunması Kordinatorluğunun nümayəndələri ilə universitet daxili keyfiyyət təminatının qurulması, monitorinq və qiymətləndirmə fəaliyyətlərinin təşkil edilməsinə dair fikir mübadiləsi aparılıb.
Səfər zamanı eyni zamanda Kırşehir Ahi Evran Universiteti ilə Gəncə Dövlət Universiteti arasında gələcək əməkdaşlıq potensialı, mümkün birgə akademik və inzibati layihələr haqqında razılıq əldə edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





