GDU-nun əməkdaşı, əməkdar jurnalist Qərib Mehdiyev vəfat etmişdir

Gəncə Dövlət Universitetinin kollektivinə ağır itki üz vermişdir. Görkəmli Azərbaycan yazıçısı, publisist, nasir, dramaturq, əməkdar jurnalist, GDU-nun “Yüksəliş” qəzetinin baş redaktoru Qərib Mehdiyev vəfat etmişdir.

Mehdiyev Qərib Qasım oğlu 21 iyun 1936-cı ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur.  Müxtəlif əmək sahələrində (tikintidə inşaatçı, rabitə şöbəsində poçtalyon, teatrda aktyor, ədəbi hissə müdiri, ali təhsil aldıqdan sonra orta məktəbdə müəllim) çalışan Qərib Mehdiyev 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) çıxan çoxtrajlı “Yüksəliş” qəzetinin baş redaktoru vəzifəsində işləyib.

Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi “İşığın qəzəbi” hekayəsi ilə başlamış, ilk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa vermişdir. Q.Mehdiyev 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan “İlham” ədəbi birliyinə rəhbərlik edib.

Görkəmli Azərbaycan yazıçısı, publisist, əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.  55 bədii və bədii-publisistik kitabın müəllifi olan Qərib Mehdiyevin əsərləri dünyanın 18 dilinə tərcümə olunmuşdur. O, ədəbiyyat sahəsində xidmətlərinə görə Prezident mükafatına və “Məmməd Araz” mükafatına, jurnalistika sahəsində xidmətlərinə görə “Həsənbəy Zərdabi” mükafatına və “Cəsarətli jurnalist” Fəxri adına layiq görülmüşdür.

Görkəmli yazıçı Q. Mehdi BMT-nin “Şərəf və vicdan”, Rusiyanın  “Sergey Yesenin” ordenləri və Türkiyənin “Altın yıldız” medalı ilə təltif edilmiş, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri professoru” adını almışdır.

Azərbaycan ədəbiyyatının tərəqqisində və Gəncə Dövlət Universitetində mətbuat sahəsinin inkişafında xidmətləri olmuş Mehdiyev Qərib Qasım oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik.

     Allah rəhmət eləsin!

Rektorluq