GDU-NUN ƏMƏKDAŞLARI ZAQATALADA YUXARI SİNİF ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİBLƏR

                         Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti  Zaqatala Rayon Təhsil sektorunda orta ümumtəhsil məktəblərin direktorları və yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

      Zaqatala rayon Təhsil sektorunun əməkdaşı İlkin  Məmmədov çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.

      Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasının müdiri, professor Orucəli Rzayev, işçi qrupunun üzvləri– dosent Allahverdi Quliyev, dosent Cabbar Qarayev, dosent Cavid Bağırzadə universitetin fəaliyyəti, tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər.

      Görüşdə Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs edilib.

           Daha sonra Gəncə Dövlət Universitetinin tədris binaları, kitabxanaları, idman zalları, laboratoriyalar, auditoriyalar və Tələbə Evi haqqında videoçarx nümayiş etdirilib.

       Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti