GDU-nun elmi katibi Teymur İsmayılov vəfat edib

      Gəncə Dövlət Universitetinin (GDU) kollektivinə ağır itki üz verib. Universitetin elmi katibi Teymur İsmayılov vəfat edib.

      İsmayılov Teymur İsmayıl oğlu 1954-cü il yanvar ayının 10-da Gürcüstan Respublikası Bolnisi rayonunun Senebi kəndində anadan olmuşdur. 1971-ci ildə Akaurt kənd orta məktəbin 11-ci sinfini bitirmişdir. 1976-cı ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Biolgiya-kimya fakültəsinin Kimya ixtisasına daxil olmuşdur. 1980-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla İmişli rayonunun Qaralar orta məktəbində kimya müəllimi kimi fəaliyyətə başlamışdır.

     Teymur İsmayılov 1984-cü ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun aspirantı olmuşdur. Dissertasiya işləri ilə əlaqədar Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun təcrübə sahəsində elmi iş aparmışdır. Həmin ərazilərdə müxtəlif dərinliklərdə torpaq nümunələri götürüb azot, fosfor, kalium elementlərini təyin etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona 1991-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildə dosent elmi adı verilmişdir.

     Teymur İsmayılov 1988-2005-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) Kimya kafedrasında laborant, assisent, müəllim və 2005-cü ildən Gəncə Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifəsində çalışmışdır. 2009-cu ildən indiyədək isə universitetin elmi katibi olmuşdur.  

    Gəncə Dövlət Universitetinin inkişafında əvəzsiz xidmətləri olmuş Teymur İsmayılovun əziz xatirəsi onu tanıyanların xatirəsində daim yaşayacaqdır.

 Allah rəhmət eləsin!

 Rektorluq