GDU-nun komandası startap müsabiqəsində qalib oldu
17–18 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi və Prime Cotton şirkətinin birgə təşkilatçılığı ilə keçirilmiş “HackCotton” startap müsabiqəsində Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin tələbələrindən ibarət “CottonDrop” komandası da iştirak edib. Müsabiqənin yekun nəticələrinə əsasən GDU-nun komandası 1-ci yerə layiq görülüb.
Müsabiqədə respublika üzrə 9 ali təhsil müəssisənin 15 startap komandası iştirak edib. GDU-nun tələbələrindən ibarət komanda tərəfindən təqdim olunan layihə innovativliyi, elmi əsaslandırılması və praktiki tətbiq potensialına görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Startap müsabiqəsinin qalibi olan “CottonDrop” komandamız inkubasiya proqramına qəbul edilib və komanda üzvləri olan Kimya və biologiya fakültəsinin tələbələri – Zeynəb Nağıyeva, İsfəndiyar Aslan, Rəşid İsmayılov və Zəhra İsgəndərova 1500 (min beş yüz) AZN məbləğində pul mükafatına layiq görülüb.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov uğur qazanan tələbələrlə görüş keçirib. Müsabiqədə təqdim olunan startap layihəsini müsbət qiymətləndirən rektor startapların inkişafı ilə bağlı tələbələrə dəstək olacağını bildirib, onlara uğurlar arzulayıb.
Tələbələr müsabiqədə təqdim etdikləri layihələr barədə ətraflı məlumat veriblər və bu işdə onlara dəstək olan universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






