GDU-nun müəllim və tələbələri Milli Proqram Çərçivəsində təşkil edilən təlimlərdə iştirak edib

Gəncə Dövlət Universitetinin 167 müəllimi və 60 tələbəsi Milli Proqram çərçivəsində təşkil edilən təlimlərdə iştirak edib. Ümumilikdə müəllimlər 461 sertifkat tələbələr isə 87 sertifikat əldə edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən Milli Proqram çərçivəsində təqdim edilən təlimlərdə iştirak edən GDU-nun professor-müəllim heyəti və tələbələri dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da 6 həftəlik ­təlimlərdən faydalanıb. Proqramn məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanıb. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatan edib.