GDU-nun professor-müəllim heyətinin bölgələrdə təşkil etdiyi görüşlər şagirdlərin təhsilə marağının və motivasiyasının artmasına töhfə verir
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Gədəbəy rayon Təhsil sektorunda 20-yə yaxın orta ümumtəhsil məktəbinin rəhbər müəllimləri və yuxarı sinif şagirdləri ilə görüş keçirib.
Gədəbəy rayon Təhsil sektorunun əməkdaşları Azər Alıyev və Jalə Tağıyeva çıxış edərək görüşün əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır. O da vurğulanıb ki, GDU-nun professor-müəllim heyəti tərəfindən bölgələrdə təşkil edilən görüşlər şagirdlərin təhsilə marağının və motivasiyasının artmasına töhfə verir.
Universitetin işçi qrupunun üzvləri dosent Cabbar Qarayev, dosent Allahverdi Quliyev, dosent Cavid Bağırzadə, dosent Elvin Atakişiyev universitetin fəaliyyəti, ali təhsil ocağında tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər. Universitetin beynəlxalq elmi əlaqələri, eləcə də Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs olunub.
Daha sonra Gəncə Dövlət Universitetinin tədris binaları, kitabxanaları, idman zalları, laboratoriyaları, auditoriyaları və Tələbə Evi haqqında videoçarx nümayiş etdirilib.
Gədəbəy rayon orta ümumtəhsil məktəblərinin müəllimləri Anar Məmmədov, Nailə Məmmədova və Nəzrin Məmmədhəsənova öz çıxışlarında keçirilən görüşün əhəmiyyətindən bəhs ediblər.
Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






