GDU-nun professoru Orucəli Rzayev vəfat edib

Gəncə Dövlət Universitetinin (GDU) kollektivinə ağır itki üz verib. Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

Rzayev Orucəli Hüseynqulu oğlu 1956-cı ildə anadan olmuşdur. 1963- 1973-cü illərdə Bakı şəhəri 173 N-li orta məktəbdə oxumuşdur. 1973 – 1977 – ci illərdə Gəncə Dövlət Universitetində Riyaziyyat ixtisası üzrə ali təhsil almışdır. 1977-ci ildə həmin universitetin Riyazi analiz kafedrasında riyaziyyatçı-proqramçı vəzifəsinə təyin edilmişdir. 1981-1984-cü illərdə Gəncə Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra etmişdir. 1984-cü ildə baş laborant, 1988-ci ildə Ümumi texniki fənlər kafedrasının müəllimi, sonra kafedranın baş müəllimi olmuşdur. 1987-ci ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.
1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.  2008-2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, 2016-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru vəzifəsində işləmişdir. 2023-cü ildən Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışmışdır.

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Orucəli Rzayev “Tərəqqi” medalı, 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Professor Orucəli Rzayev 100-dən artıq kitabın və elmi məqalənin müəllifi olmuşdur.

Gəncə Dövlət Universitetinin inkişafında və tərəqqisində xidmətləri olmuş Rzayev Orucəli Hüseynqulu oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik.

REKTORLUQ