“Kimyəvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyasında elmi fəaliyyətin nəticələri müzakirə olunub
Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsində “Kimyəvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyasının 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinə dair hesabat iclası keçirilib.
İclasda laboratoriyanın il ərzində həyata keçirdiyi elmi-tədqiqat işlərinin nəticələri, əldə olunan elmi nailiyyətlər, beynəlxalq elmi nəşrlərdə dərc olunmuş məqalələr və elmi konfranslarda təqdim edilən tədqiqat materialları ətraflı təhlil olunaraq müzakirə edilib.
Laboratoriyanın müdiri, professor İsfəndiyar Alverdiyev hesabat məruzəsi ilə çıxış edərək il ərzində aparılan tədqiqatların elmi nəticələri və nəşr göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, 2026-cı ildə laboratoriyanın əməkdaşları tərəfindən hazırlanmış 11 elmi məqalə “Clarivate Analytics” şirkətinin Web of Science, 21 elmi məqalə isə “Elsevier” nəşriyyatının Scopus elmi bazasında indeksləşən jurnallarda dərc olunub. Bu göstəricilər laboratoriyanın elmi potensialının, tədqiqat fəaliyyətinin səmərəliliyinin və beynəlxalq elmi əməkdaşlıq imkanlarının inkişafının mühüm nəticəsi kimi qiymətləndirilib.
Hesabatın müzakirəsi zamanı elmi-tədqiqat işlərinin prioritet istiqamətləri, əldə olunan nəticələrin elmi-praktik əhəmiyyəti, beynəlxalq indeksli jurnallarda nəşr fəallığının artırılması və tədqiqatların tətbiq imkanlarının genişləndirilməsi məsələlərinə də toxunulub.
İclasın sonunda professor İsfəndiyar Alverdiyev, böyük elmi işçi, dosent Aynur Məmmədova, elmi işçilər Zəhra Əliyeva, Vüsalə Abbasova və Günel Zeynalova, eləcə də laboratoriyanın laborant-texniki heyətinin iştirakı ilə 2027-ci il üçün elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri və perspektiv inkişaf planları müzakirə edilərək müəyyənləşdirilib.





