GDU-nun rektoru Tələbə Gənclər Təşkilatının yeni heyəti ilə görüş keçirib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən elan edilən Gəncə Dövlət Universiteti (GDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədr seçkisi başa çatıb. Tələbələr arasında aparılan səsvermə nəticəsində Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının 2-ci kurs  tələbəsi İsrafil Abbasov səs çoxluğu ilə universitetin TGT sədri seçilib. GDU Tələbə Gənclər Təşkilatına yeni seçilən sədr müavinləri isə Gülmira Cavadzadə, Telman Süleymanov və Xəlil İsmayılovdur.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Tələbə Gənclər Təşkilatının  yeni sədri İsrafil Abbasov və idarə heyətinin üzvləri ilə görüş keçirib.  Rektor onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayaraq Tələbə Gənclər Təşkilatının universitet və tələbələrin sosial həyatındakı rolundan bəhs edib. Həmçinin  universitetin əldə etdiyi nailiyyətlərdə təşkilatın hər bir üzvünün özünəməxsus əməyi olduğunu qeyd edib. Müxtəlif illərdə GDU TGT-nın ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkilində göstərdiyi fəallığa görə  “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görüldüyünü xatırladan rektor bu uğurları aktiv gənclərimizə verilən dəyər kimi qiymətləndirib.

TGT-nin idarə heyətinin sədri və üzvləri universitetdə tələbələrin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya görə GDU rəhbərliyinə təşəkkür ediblər. Təşkilatın görəcəyi işlər, hədəflər və gözləntiləri haqqında rektora məlumat verərək, onlara göstərilən etimadları doğruldacaqlarını bildiriblər.

Görüşdə rektor Yusif Yusibov Tələbə Gənclər Təşkilatının yeni heyətinin bundan sonra da tələbələrin hüquqlarının qorumasına, gənclərin potensialının aşkarlanmasına və tələbələrin asudə vaxtının maraqlı təşkil edilməsinə töhfələr verəcəyinə əminliyini ifadə edib və gənclərə bu işdə fəal olmağı tövsiyə edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti