GDU-nun rektoru Yusif Yusibov payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüş keçirib

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüş keçirib.

    Görüşdə rektor Yusif Yusibov tələbələri salamlayaraq onlara imtahanlarda uğurlar arzulayıb. Rektor qeyd edib ki, ənənə halını alan görüşlərin keçirilməsində əsas məqsəd tələbələrin imtahanlara hazırlıq səviyyəsini öyrənmək və onların imtahanda qarşılaşa biləcəkləri çətinliklərin həllinə nail olmaqdır.

  Rektor Yusif Yusibov onu da qeyd edib ki, universitet rəhbərliyi hər zaman tələbələrin yanındadır və imtahanların yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb.

  Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək imtahanların keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. Prorektor qeyd edib ki, imtahan sessiyası ali məktəbin bütün təhsil səviyyələrində 29 dekabr 2022-ci il tarixdə başlayacaq və 01 fevral 2023-cü il tarixində yekunlaşacaqdır. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün hər cür şərait yaradılıb. Artıq təlimat da hazırlanıb.

  Görüşdə rektor Yusif Yusibov imtahanlarla bağlı tələbələrin arzu və istəklərini dinləyib.

   Tələbələr çıxış edərək yaradılan şəraitə və onlara göstərilən diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti