GDU-nun Tələbə Evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib
Gəncə Dövlət Universitetinin Tələbə Evində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, prorektorlar, fakültə dekanları və tələbələr iştirak ediblər.
Rektor Yusif Yusibov çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə universitetin kollektivini və tələbələri təbrik edib, ən xoş arzularını çatdırıb.
Azərbaycançılıq və milli həmrəylik ideyalarının təşəkkül tarixindən danışan rektor xalqımızın milli həmrəyliyə nail olması, dünyada Azərbaycan diasporunun formalaşması və təşkilatlanması istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb. Bildirib ki, 1991-ci ildə Ulu Öndər tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Dünya azərbaycanlıları ilə əlaqələr inkişaf etdirilmiş, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına kömək göstərilmiş, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsinə nail olunmuşdur. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, diaspor siyasəti vahid dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Milli Həmrəylik Günün 3 ildir ki, ölkəmizdə daha yüksək əhvali-ruhiyyə ilə qarşılandığını bildirən rektor qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyini, hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bir daha nümayiş etdirdi.
Bayram tədbirində yola saldığımız ildə universitetdə əldə olunan uğurlardan söhbət açılıb və 2024-cü ildə görüləcək işlərdən danışılıb.
Bədii hissədə bayram tortunun kəsilməsi, Yeni ilin personajları olan Şaxta baba və Qar qızın tədbirə gəlməsi hər kəsdə xoş ovqat yaradıb. Müxtəlif musiqi nömrələri və rəqslər bayram tədbirini daha da rəngarəng edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti