GDU TEC-in təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans və müsabiqə keçirilib
15 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyinin hüquqi təməli” mövzusunda elmi konfrans və müsabiqə təşkil olunub.
Tədbirdə Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Psixologiya kafedrasının baş müəllimi Telli Cabbarova, Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova, TEC-in idarə heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pərvin Kərimzadə Ulu Öndər Heydər Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, tələbələrin elmi fəaliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə çıxışında konfransın mövzusunun aktuallığını qeyd edib.
İlk hissədə tələbələr müəllifi olduqları elmi məqalələrini təqdim edib, seçilmiş çıxışlar konfrans formatında dinləyicilər qarşısında səsləndirilib.
İkinci hissədə isə konfrans məqalə müsabiqəsi formasında davam edib. Tələbələr tərəfindən təqdim olunan məqalələr struktur, məzmun, analitik yanaşma və mövzuya uyğunluq meyarları üzrə qiymətləndirilib, seçilən müəlliflər sertifikatlar və fəxri fərmanlarla təltif olunub.
Müsabiqənin nəticəsinə görə Psixologiya ixtisasının tələbəsi Xədicə Süleymanova I yer, Texnologiya müəllimliyi ixtisasının tələbəsi Şair Əhmədov II yer, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbəsi Aynur Məmmədova III yerə layiq görülüb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti