Görkəmli yazıçı Qərib Mehdinin 85 illik yubileyi qeyd olunub

Ədəbi fəaliyyətə ötən əsrin 50-ci illərindən başlayan, 50 ildən bəri Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetinin baş redaktoru vəzifəsində çalışan görkəmli yazıçı, əməkdar jurnalist Qərib Mehdinin 85 illik yubileyi bu günlərdə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Mədəniyyət İdarəsinin və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində, təntənəli ümumşəhər tədbirində qeyd olundu.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı.

Yubiley məclisində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə üzrə konsulu Zəki Öztürk, Gəncə şəhər Mədəniyyət İdarəsinin rəhbəri Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, görkəmli yazıçı Nüşabə Əsəd Məmmədli, görkəmli şairə Aləmzər Əlizadə, AMEA Gəncə Bölməsinin əməkdaşı, alim Əlimuxtar Muxtarov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, alim-şair Bayram Apoyev, əməkdar rəssam,heykəltəraş Şərif Şərifov, Qərib Mehdi kitablarının redaktoru Firəngiz İdrisqızı, yazıçı Gülafət Bayramova çıxış edərək yazıçı Qərib Mehdini yubileyi münasibəti ilə təbrik etdilər.

Çıxışlarda 48 kitab müəllifi olan, əsərləri dünyanın bir çox ölkələrində oxunan yazıçının yüksək səviyyəli ədəbi-publisistik fəaliyyətindən və bu fəaliyyətin bir sıra respublika və beynəlxalq səviyyəli fəxri ad və mükafatlara – əməkdar jurnalist, birillik Prezident təqaüdü, H.Zərdabi və Məmməd Araz mükafatarına, AYB-nin fəxri diplomuna, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının fəxri doktoru adına və “Altın Yıldız” medalına, BMT-nin “Şərəf və vicdan”, Rusiyanın Sergey Yesenin adına “Qızıl payız” ordenlərinə layiq görülməsindən söz açıldı.

Tədbir boyu Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Rahib Hüseynov və Gəncə Dövlət Dram Teatrının rejissoru Elşad Əhmədov tərəfindən hazırlanmış musiqili – ədəbi proqramda Qərib Mehdinin şeirləri Gəncə Dövlət Dram Teatrının aktyorları: Günay Xanlarqızı, Sevinc Hüseynova, Elvin Əlnağıyev tərəfindən səsləndi. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Mahnı və Rəqs ansamblının bədii rəhbəri Sahib Quliyevin rəhbərliyi ilə muğam üçlüyü çıxış etdi, müğənnilər Xəyal Əliyev və Sərxan Cahangirovun ifasında muğam və təsniflər ifa olundu.

Yazıçıya hədiyyələr, gül-çiçək dəstələri təqdim olundu.

Yazıçı Qərib Mehdi çıxış edərək Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova, tədbirin təşkilatçısı və təşəbbüskarı Gəncə şəhər Mədəniyyət İdarəsinin rəhbəri Vasif Cənnətova, tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Bu tədbirin Nizami ilində keçirilməsini xüsusi qeyd edərək özünün Nizami Gəncəviyə həsr olunmuş şeirini söylədi.

Sonda tədbir iştirakçıları yubilyarla xatirə şəkilləri çəkdirdilər.