III MDB Oyunları çərçivəsində könüllü olmaq istəyən tələbələrlə maarifləndirici söhbət aparılıb

  Gəncə Dövlət Universitetində III MDB Oyunları çərçivəsində könüllü olmaq istəyən tələbələrlə görüş keçirilib. Görüşdə rektorun baş müşaviri Asif Cavadov III MDB Oyunları ilə bağlı ətraflı məlumat verib. Asif Cavadov diqqətə çatdırıb ki, 2025-ci ilin  28 sentyabr və 8 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə bu mötəbər idman tədbiri keçiriləcəkdir.  Bunun üçün seçilən  14 şəhər arasında Gəncə xüsusi rol oynayacaq və Oyunların əsas mərkəzi olacaqdır. Diqqətə o da çatdırıldı ki, hazırda şəhərdə hazırlıq işləri tam sürətlə davam edir. Artıq ölkənin ən böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib və  oyunlara qədər isə Gəncədə yeni stadionun inşası tamamlanacaqdır. 7000 idmançının iştirakı gözlənilən MDB Oyunları üçün Gəncə şəhərinin infrastrukturu geniş şəkildə yenilənəcəkdir. Şəhər nəqliyyatı tamamilə yenidən qurulacaq, tarixi binalar bərpa ediləcək və digər irimiqyaslı layihələr həyata keçiriləcəkdir.

 Görüşdə təşkilat komitəsinin üzvləri Əli Xəlilov və Fidan Fərzullazadə  isə çıxışlarında bildiriblər ki, idman yarışları Gəncədə  və ölkəmizin digər 6 şəhərində keçiriləcəkdir. Belə ki,  Gəncədə 8, Göygöldə 2, Mingəçevirdə 4, Yevlaxda 1, Qəbələdə 4, Şəkidə 3, və Xankəndində 1 idman növü üzrə yarışlar təşkil ediləcəkdir. Bu mötəbər yarışda könüllü olmaq istiyənlər isə aprel ayının 1-dən qeydiyyatdan keçə bilərlər. Könüllü olan gənclərə təlimlər keçiriləcək və onlara könüllü olmağın əsas prinsipləri izah ediləcəkdir. Onlar idman yarışına gələcək qonaqların qarşılanmasında, onların yerləşdirilməsində yaxından iştirak edəcəklər. Burada qazandıqları təcrübə isə onların gələcək karyeralarında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Görüşdə gəncləri maraqlandıran sullar təşkilat komitəsinin üzvüləri tərəfindən cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti