İkinci ali təhsildə əyani və qiyabi formaların üstünlükləri

Azərbaycanda ikinci ali təhsilə maraq son illərdə sürətlə artır. Bir çox gənc və orta yaşlı mütəxəssislər əmək bazarının tələblərinə uyğunlaşmaq, eləcə də ilk ixtisasının çatışmazlıqlarını aradan qaldırmaq üçün əlavə təhsilə üz tuturlar. 

“İlk ixtisasları aktual olmayanlar yenidən təhsil almaq üçün müraciət edirlər”
Gəncə Dövlət Universitetinin (GDU) tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov əlavə təhsil üçün qəbul qaydalarını açıqladı : “Qəbul qaydaları müvafiq qanuna əsasən həyata keçirilir. Universitetimizdə ikinci ali təhsil almaq istəyənlər üçün “Psixologiya”, “İqtisadiyyat” və “Məşqçilik” ixtisaslarına qəbul aparılır. Pedaqoji ixtisaslarda ikinci ali təhsilə icazə verilmir. Müraciət edənlər onlayn qeydiyyatdan keçdikdən sonra ixtisas sualları elektron poçtlarına göndərilir, imtahan təşkil olunur, komissiya qiymətləndirilməsindən sonra qəbul həyata keçirilir”. 

Prorektor deyib ki, əsasən, ilk ixtisasları aktual olmayanlar tələbat duyulan yeni ixtisaslar üzrə əlavə təhsil almaq üçün müraciət edirlər. Ş.Xurşudov ikinci ali təhsilin məzmun etibarilə daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, “fərq imtahanları” mövcud sistemin tələbinə görə keçirilir, lakin ixtisas uyğunluğu yüksək olanlar üçün bu imtahanları minimuma endirmək mümkündür.

“Azərbaycan müəllimi” qəzeti 18 yanvar 2025-ci il