İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb

Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi.

Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.

Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların  aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcəkdir.

Hazırda Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdədndir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.

Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb.

Məlum olduğ kimi 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçünistifadə olunmuşdur. Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır. İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulub.  Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.

Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti