İnsan və heyvan fiziologiyası ixtisası üzrə təhsil alan magistrantlar Abdulla Qarayev adına Fiziologiya İnstitutunda təcrübə keçiblər

Gəncə Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında 17 noyabr 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin İnsan və heyvan fiziologiyası üzrə 1-ci və 2-ci təhsil ilinin magistrantları Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Tükəzban Rüstəmovanın rəhbərliyi altında həmin institutda ekspedisiyada olublar. Magistrantlar elmi-tədqiqat institutunda fəaliyyət göstərən laboratoriyaların iş prinsipi və tədqiqatların metodikası ilə tanış olublar, magistrlik dissertasiyalarının mövzularına dair təcrübələr aparıblar.

Qocalmanın fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova herontoloji yaş qruplarında (ahıl, qoca və uzunömürlülərdə) ürəyin bioelektrik fəaliyyətinin və hemodinamik xüsusiyyətlərinin yaşla əlaqədar dəyişikliyi mövzusu üzərində aparılan tədqiqat işlərinin nəticələri haqqında magistrantlara məlumatlar verib. İnstitutun gənc alimləri Hümbətov Sovet və Qəmbərov Elcan sinir sisteminin müxtəlif fenotopik dəyişkənliyi olan siçovullarda davranış və yaddaşın öyrənilməsi ilə əlaqəli təcrübələrin gedişini izah ediblər.

GDU-nun magistratur tələbələri İnstitutun elmi-tədqiqat bazası ilə tanış olublar, müstəqil şəkildə laboratoriya avadanlıqlarından istifadə ediblər.

 Sonda institut əməkdaşları ilə birlikdə yerinə yetirilmiş işlərin nəticələri təhlil edilib, tədqiqatların davamına dair gələcək planlar müzakirə olunub.