“Konstitusiya və Suverenlik İli”nin elan olunması tarixi əhəmiyyət kəsb edir
Gəncə Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra isə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Prorektor qeyd edib ki, 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırıldı.
Tədbirdə Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, eləcə də Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışlarında vurğulayıblar ki, dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanunu məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. Həmçinin çıxışlarda Azərbaycan Konstitusiyasının vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolu barədə, eləcə də vətəndaşların konstitusiya ilə təsbit edilən hüquq və vəzifələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirdə Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə “Azərbaycanın dövlət hüququ və konstitusiya tarixi”, Ümumi tarix kafedrasının müdiri, dosent Etibar Musayev “Konstitusiyanın yaranma tarixi və müstəqil dövlətimizin formalaşmasında rolu”, Sosial fənlər kafedrası baş müəllimi Üzeyir Balakişiyev “Azərbaycan Respublikasının konstitusiyası dünyanın ən demokratik konstitusiyasıdır”, Sosial fənlər kafedrası müəllimi Ramin Əliyev “Ümummilli lider Heydər Əliyevin hüquqtəlimi müasir Azərbaycan Respublikasının suverenliyinin təməli kimi”, Ümumi tarix kafedrası müəlimi Yəhya Süleymanov “Konstitusiyamız milli suverenliyimizin qarantıdır” adlı məruzələrlə çıxışlar ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti