Latviya Prezidentinin ölkəmizə səfəri strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib
Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri Bakı ilə Riqa arasında strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident, həmçinin qeyd edib ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Hələ 9 il öncə Azərbaycan və Latviya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradıb və ölkələrin münasibətlərini ən yüksək səviyyəyə qaldırıb. Məhz bunun əsasında da hər iki ölkə tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışıb. Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilib. Xüsusilə ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, logistika və nəqliyyat sahəsində əməkdaşlıq və sair məsələlər diqqətdə saxlanılıb. Belə ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox yüksək nəticələr verə bilər. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır.
Prezidentlərin görüşü zamanı müzakirə olunan regional təhlükəsizlik, o cümlədən postmünaqişə dövründə vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycan tərəfi bölgədə davamlı sülhün təmin olunması üçün uğurlu addımlar atır. Eyni zamanda, Avropa ilə əməkdaşlıq çərçivəsində bir sıra tələblərin icrasını dəstəkləyir. Ümumilikdə Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi siyasi iradənin mövcudluğunu göstərdi. Edqars Rinkeviçs də öz növbəsində bu əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyib.

