Məzunlar 40 ildən sonra görüşdülər

Gəncə Dövlət Universitetinin 1981-ci il məzunları 40 ildən sonra görüşdülər. 1977-ci ildə universitetin filologiya fakultəsinə  qəbul olunan, 4 il sonra müəllim kimi müstəqil həyata atılan gənclər indi ömürlərinin müdrik çağında görüşə gəlmişdilər. Bir zamanlar gənc olan bu insanlar indi həyatda öz mövqelərinə sahib olublar. Müxtəlif sahələrdə çalışan məzunların kimisi paytaxtda, kimisi isə müxtəlif şəhər və kəndlərdə həyatlarını davam etdirir.  

Məzunlar doğma universiteti qarış-qarış gəzdilər, elmin, texnikanın ən müasir nailiyyətlərinə əsaslanan yeniliklərlə tanış oldular. Sonra məzunların universitetin 2-ci korpusunun akt zalında təntənəli görüşü keçirildi.

Görüşü universitetin Humanitar məsələlər üzrə prorektoru, əməkdar müəllim Gülsüm Fətəliyeva açaraq məzunları universitetin rektoru, professor Yusif Yusibovun adından salamladı. Məzunlara və qonaqlara GDU-nun son illərdəki fəaliyyəti, uğurları barədə məlumat verərək tələbələrin yaxşı təhsil almaları üçün yaradılan şəraitdən danışdı.  “Öz doğma təhsil ocağınıza xoş gəlmisiniz!”- dedi. Sonra torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq göstərən zaman şəhid olan igidlərimizin, eləcə də dünyasını dəyişmiş məzunların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Universitetin məzunu Sədaqət Məmmədova çıxış edərək bildirdi ki, indi GDU-nun məzunu adını fəal həyat mövqeyi ilə doğrultmuş, qabaqcıl müəllim, məktəb direktoru az deyil. Onlar müəllimlərindən aldıqları tövsiyələri unutmamış, tələbələrini  daha yaxşı oxumağa, işləməyə, özünə və başqalarına qarşı tələbkar olmağa səsləmişdir.

1981-ci il məzunlarından şair-yazıçı Ramiz Orsərin tələbəlik illəri ilə bağlı şirin xatirələri hər kəsi bir daha o illərə qaytardı. Sonra vaxtilə ona dərs demiş yazıçı-publisist Qərib Mehdiyə yenicə çapdan çıxmış kitabını, eləcə də universitet kitabxanasına öz kitablarını hədiyyə etmişdir.

Görüşün əsas  təşkilatçılarından olan məzun İsmayıl Yusibov bu tədbirin təşkili üçün rektorluğa və bu işdə dəstək olan hər kəsə təşəkkürünü bildirdi. Görüşə hazırlaşarkən və məzunları soraqlayarkən keçirdiyi hisslərdən danışdı. Bəzən kimlərinsə vəfatı xəbəri onun sevincinə acı kədəri də qarışdırmışdı. İsmayıl müəllim sevimli müəllimlərini xatırlayaraq   onların tələbkarlığından, bilikli və vicdanlı şəxsiyyət kimi daim xatirələrdə yaşadıqlarından  bəhs etdi.

Sonra 1981-ci il məzunlarından Səmadil Əliyeva, Sədaqət Məmmədova və başqaları çıxış edərək keçirdikləri hiss və həyəcandan danışdılar. Onlar 4 il təhsil aldıqları doğma universitetin qazandığı uğurlarla fəxr etdiklərini bildirib, belə bir ali təhsil ocağını bitirdikləri üçün fəxr etdiklərini söylədilər.

Görüş başa çatdıqdan sonra məzunlar universitetin yenicə əsaslı təmirdən çıxmış tələbə yataqxanasında oldular. Sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək üstünə gül dəstələri düzdülər. Heydər Əliyev Mərkəzini ziyarət edən məzunlar sonra universitetin 5-ci korpusunda tələbələrin yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitlə yaxından tanış oldular. Beləliklə məzunlar keçirdikləri bu görüşdən xoş təəssüratla ayrıldılar. Ayrıldılar ki, yenidən görüşsünlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti